Məmnuniyyətlə bildiririk ki, Oleq Reşikov 1 oktyabr 2025-ci il tarixindən etibarən GL Group-un Əməliyyatlarda Mükəmməllik üzrə direktoru vəzifəsinə təyin edilib.
O, bu rolda Azərbaycandakı Əməliyyatlar üzrə Baş Vitse-Prezident Elman Seyidovun tabeliyində fəaliyyət göstərəcək.
Oleq Reşikov neft-qaz sənayesində 33 illik təcrübəyə malikdir və bp şirkətində Azərbaycan, Gürcüstan, Türkiyə, Böyük Britaniya, Fransa, Norveç və Sinqapurda kompleks və yüksək riskli əməliyyatları uğurla idarə edib. Yeni vəzifəsində Oleq Reşikov, GL Group-un bütün fəaliyyət sahələrində Əməliyyatların İdarəetmə Sistemi (OMS) çərçivəsində mövcud proseslərin tətbiqi və inkişafına rəhbərlik edəcək, onların səmərəliliyinə və Davamlı təkmilləşdirmə (CI) prosesinə nəzarət edəcək. Bununla bərabər Oleq Reşikov, cari əməliyyatlara effektiv nəzarət və fövqəladə hallar zamanı idarəetmə imkanlarını təmin etmək məqsədilə zəruri infrastrukturun qurulmasına töhfə verəcək. Eyni zamanda, qrupun SƏTƏM komandası onun tabeliyində fəaliyyət göstərəcək.
Oleq Reşikov Dənizçilik ixtisası üzrə Azərbaycanda təhsil alıb və Birləşmiş Krallıqda “NEBOSH”-un (Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli İmtahan Mərkəzi) 2-ci dərəcəli diplomunu əldə edib.
O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub və 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Komandamıza yeni qoşulan Oleq Reşikovu salamlayırıq və ona yeni vəzifəsində uğurlar arzulayırıq!